23 Aprel 2021 13:38
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Armen Sərkisyan gürcü həmkarı Salome Zurabişviliyə təşəkkür məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, Ermənistan prezidenti Salome Zurabişviliyə səmimi qəbula, eyni zamanda Tbilisiyə səfəri zamanı konstruktiv danışıqlar apardığına görə təşəkkür edib.

“Bizim qarşılıqlı etimad və hörmət şəraitində keçirdiyimiz görüş Ermənistan və Gürcüstan arasında əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi üçün yeni vektorları müəyyən etdi. Ermənistan və Gürcüstan xalqlarının gələcək nəsilləri arasında əlaqələrin formalaşmasına cavabdeh olduğumuz fikri ilə birmənalı şəkildə razıyam”, – deyə A.Sərkisyan qeyd edib.

Ermənistan prezidentinin sözlərinə görə, iki ölkənin texnologiya, təhsil, elm, infrastruktur, süni intellekt, energetika və nəqliyyat kimi sahələrdə ortaq maraqları və əməkdaşlıq perspektivləri var.

Sərkisyan səfər zamanı əldə olunan razılaşmaların “iki qardaş xalqın” rifahı naminə ölkələr arasında əməkdaşlığı daha da gücləndirəcəyinə əmin olduğunu bildirib.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sərkisyan 15-16 aprel tarixlərində Gürcüstana rəsmi səfərdə olub. Səfər çərçivəsində o, gürcü həmkarı Salome Zurabişvili ilə görüşüb.


Müəllif: Səxavət