6 May 2021 09:05
2 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal istiləşmə səbəbindən Alp dağlarında buzlaqların əriməsindən sonra Birinci Dünya Müharibəsindən qalma kazarmalar üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Dəniz səviyyəsindən 9000 metr yüksəklikdə mağarada yerləşən kazarma Avstriya-Macarıstan qoşunlarına aid olub.

İtalyan qoşunları ilə döyüşlərin 1918-ci ilin noyabrında sona çatdığı bildirilib. O vaxtdan bəri Lombardiyanın Skorluzzo dağındakı Stelviyo keçidində olan kazarmalar buzun altında qalıb.

Təxminən 100 il sonra - buzlaqların əriməyə başladığı 2015-ci ildə elm adamları ilk dəfə əraziyə girə biliblər. İçəridə qəzetlər, konservlər, yataqlar, paltarlar və fənərlər, vaxtilə sığınacaqda yaşayan əsgərlərin yediyi heyvan qalıqları tapılıb.

Mağara tamamilə təmizlənib. Kazarmada aşkar olunan materialların 2022-ci ildə Bormiyodakı yeni muzeydə sərgilənəcəyi gözlənilir.

Alp bölgəsinin dağlıq hissələrində üç il aparılan hərbi əməliyyatlar “Ağ Müharibə” adlandırılıb. Alimlərin fikrincə, hündürlükdə aparılan savaş zamanı don və ya uçqundan düşmə nəticəsində həlak olanları sayı çox olub. Ərazidə hərbi personalın qalıqları, məktublar, silahlar və əşyaları buzlaqların tədricən əriməyə başladığı 1990-cı illərdə tapılmağa başlayıb.

Bundan əvvəl Harvard İnstitutunun alimləri iqlim anomaliyasının Birinci Dünya Müharibəsi zamanı ölüm sayında əhəmiyyətli artım yaratdığını bildirmişdilər.

“Palçıq və su ilə doldurulmuş səngərlər və bomba kraterləri tanklardan atlara və əsgərlərə qədər hər şeyi uddu. Şahidlər səngərlərin əsgərlər üçün “maye məzar”a çevrildiyini deyirdilər”, - açıqlamada deyilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu