Bu gün Estoniyada NATO-nun “Bahar qasırğası” adlı hərbi təlimləri başlayacaq.
Teleqraf.com xəbər verir ki, hərbi məşqlərə 7 minə yaxın hərbi qulluqçu qatılacaq.
Təlimdə ABŞ-ın, eləcə də Latviya, Polşa, İtaliya, Fransa, Danimarka və Böyük Britaniyanın piyada, aviasiya və donanmasının hərbi qüvvələri iştirak edəcək. “Bahar qasırğası” iyunun 5-dək davam edəcək.
NATO-nun Estoniyadakı qüvvələrinin komandanı, general Paul Keyton manevrləri “Alyansın hərbi təlimlərinin zirvəsi” adlandırıb:
“Bu gün Rusiyadan gələn təhdidin yalnız Estoniya və digər Baltikyanı ölkələr və Polşa üçün deyil, həm də Şərqi Avropa dövlətləri üçün ən böyük təhlükəsizlik problemi olaraq qaldığını görürük”.
Rus mediası ölkə sərhədləri yaxınlığındakı növbəti NATO təlimlərini “Rusiyanın təhlükəsizliyinə qarşı təhlükə” adlandırıb.
Rusiyalı hərbi ekspert İvan Konovalov bütün bunların təxribata bənzədiyini iddia edib. Onun fikrincə, NATO ölkələrinin davranışları müdafiə xarakterli sayıla bilməz.
Rusiyanın Şimal Donanmasının komandanı, admiral Aleksandr Moyseyev NATO-nun federasiya sərhədləri yaxınlığında təlimlərin intensivliyini artırdığını bildirib. Onun fikrincə, bu cür addımlar təxribat xarakterlidir və bütövlükdə regional təhlükəsizlik sisteminə mənfi təsir göstərir.