ABŞ-ın İT şirkəti “SolarWinds”-in proqram təminatının pozulmasının arxasında Amerika və Böyük Britaniyanın gizli xidmətləri dura bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin BBC-yə verdiyi müsahibədə deyib.
“Bütün bunların müəllifinin kim ola biləcəyini gördük. Aparıcı texnologiya şirkətləri və internet provayderləri ilə gizli ortaqlıqlardan istifadə edərək ABŞ və Böyük Britaniyanın kəşfiyyat qurumları ticari şifrələmə proqramlarında gizli zəifliklər ortaya çıxarıblar”, - Narışkin bildirib.
Narışkin Moskvanın kiberhücumlarda, zəhərlənmələrdə, haker hücumlarında və seçkilərə müdaxilədə iştirak etmədiyini vurğulayıb.
Onun sözlərinə görə, bu cür ittihamlar gülünc görünür.
ABŞ Rusiya xarici kəşfiyyatını “SolarWinds”ə qarşı genişmiqyaslı kiber hücumlar təşkil etməkdə ittiham edib.
ABŞ Prezidenti Co Bayden aprelin 15-də dünyada sabitliyi pozan davranışlarına görə yeni anti-Rusiya sanksiyalarının tətbiqinə dair fərman imzalayıb.
2020-ci ilin əvvəlində ABŞ Xəzinə Departamenti və Milli Telekommunikasiya və İnformasiya İdarəsinin sistemləri sındırılıb, serverlərdən alınan məlumatlar oğurlanıb. Bu, Milli Təhlükəsizlik Departamenti, Səhiyyə Departamenti və Dövlət Departamentinə də təsir edib. Sözügedən dövlət qurumları “SolarWinds”in xidmətlərindən istifadə edir. Vaşinqton hadisədə rusiyalı hakerləri günahlandırıb.