İspaniyanın “Real Madrid” futbol klubunun prezidenti Florentino Perezin komandanın əfsanəvi futbolçuları Raul və Kasilyas haqda səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, İspaniyada gündəmə gələn səs yazısında Perez keçmiş oyunçuları “fırıldaqçı” adlandırıb.
“Real Madrid” tarixinin ən böyük fırıldaqçılarından biri Kasilyas, digəri Rauldur. Dələduzluqdan bəhs edildikdə Raul birinci, Kasilyas ikinci yerdədir. Onlar çox eqoistdirlər, klubu yox, özlərini düşünürlər”, - klub prezidenti bildirib.
Perez 2006-cı ilə aid səs yazısında Raul Qonzales və İlker Kasilyası saxtakarlıqda günahlandırıb:
“Kasilyas “Real Madrid” səviyyəsində qapıçı deyil. Heç vaxt belə olmayıb və olmayacaq. Tariximizin ən böyük məyusluqlarından biridir. Problem insanların İlkeri sevmələri, pərəstiş etmələrindədir”.
Perezin çıxışı bu sözlərlə bitir: “Əgər uğur istəyirsinizsə, Raul və Kasilyasla davam etməməliyik. Davam etsək, səhvlərini təkrarlayacaqlar. Hamımızı məyus edəcəklər”.
Səs yazısı ispan mediasında böyük əks-səda doğursa da, məsələ ilə əlaqədar tərəflərdən hələ rəsmi açıqlama verilməyib.