4 Avqust 2021 11:30
3 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın müxalif siyasi partiyası “Gürcüstan Vətənpərvərləri Alyansı” Rusiya Prezidenti Vladimir Putinə kömək istəyib.

Teleqraf.com xəbər verir ki, açıq məktubun mətni partiya liderlərindən biri İrma İnaşvili tərəfindən Feysbuk səhifəsində dərc edilib.

Məktubda iki ölkə arasındakı münasibətlərin normallaşması üçün kömək istəyi yer alıb.

İnaşvili qeyd edib ki, Gürcüstan hazırda “Gürcü arzusu” və “Milli Hərəkat”ın - iki aktyorun teatrına bənzəyir.

“Bir-birləri ilə gah əlbir olur, gah da aldadırlar, ölkəni və dövlətçiliyimizi yavaş-yavaş məhv edirlər. Düşünürəm ki, bu gün artıq hər kəsə aydındır ki, bu teatrın direktoru məhz Amerika Birləşmiş Ştatlarıdır”, - siyasətçi qeyd edib.

Məktubun müəllifləri Gürcüstan hakimiyyətini Rusiya ilə münasibətləri pozmaqda, Qərbin qarşısında xal toplamağa çalışmaqda günahlandırıb.

Partiya nümayəndələrinin fikrincə, hakimiyyət orqanlarının istəkləri gürcü xalqının əhval-ruhiyyəsinə uyğun gəlmir. Müraciətdə qeyd olunub ki, Gürcüstanda sorğular keçirilib və bu sorğu zamanı demək olar ki, 76 faiz Rusiya ilə dialoqun lehinə danışıb.

Məktubda vurğulanıb ki, Putinin köməyi təkcə Rusiya Dövlət Duması, Federasiya Şurası və Prezident Administrasiyası daxilində əməkdaşlığın bərpası üçün yox, həm də ortaq media, mədəni və sosial layihələrin təşkili üçün lazımdır.

İrma İnaşvili ölkəsini müdafiə etmək üçün rus siyasətçilərlə danışıqlar aparmaq üçün Moskvaya gəlməyə hazır olduğunu bildirib. O, partiyasının Gürcüstana xeyir gətirəcək yol seçdiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər