Alimlərin ən son müjdəsinə görə, Yer kürəsinə ən yaxın meteoritlərdən olan Bennunun növbəti 200 il ərzində tam olaraq harada olacağını daha yaxşı proqnozlaşdırmaq mümkün olacaq. Pis xəbər isə Bennunun Yerə çırpılma ehtimalının əvvəlcədən proqnozlaşdırıldığından daha yüksək olmasıdır.
Teleqraf.com xəbər verir ki, bununla yanaşı, elm adamları narahatlığa ehtiyac olmadığını bildirərək, asteroidin gələcək əsrdə Yerə çırpılma ehtimalının hələ də aşağı olduğu qənaətindədir.
Yerə yaxın meteoritlər üzərində araşdırma aparan Amerika Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) yetkilisi Devid Farnokya mətbuata verdiyi açıqlamada bildirib:
“Təəccüblənməyə ehtiyac yoxdur. Növbəti və ondan sonrakı əsr üçün Bennunun Yerə çırpılma ehtimalının 2700-də bir olacağı proqnozlaşdırılırdı, indi isə bu rəqəm 1750-də birdir”.
O, NASA-nın meteoritə göndərdiyi “Osiris-Rex” kosmik aparatının topladığı məlumatlar sayəsində Bennunun traektoriyasını izləməyin əvvəlkindən daha asan olduğunu bildirib.
“Osiris-Rex”in 2018-ci ildə endiyi meteoritdən toplanan nümunələrlə 2023-cü ildə Yerə qayıdacağı gözlənilir.
“Osiris-Rex”in getməzdən əvvəl nəhəng teleskoplarla Bennunu izləyən elm adamları 2200-cü illərdə meteoritin yerə düşmə ehtimalını 2700-də bir kimi hesablayırdılar. İndi bu ehtimal 2300 -cü illərdə 1750 -dən bir kimi qiymətləndirilir. Ən təhlükəli vaxt isə 24 sentyabr 2182-ci il tarixi hesab olunur.
Bennu 2135-ci ildə Ayın yanından keçərkən Yerə daha da yaxınlaşa, Yerin cazibə qüvvəsi onun yolunu dəyişə bilər. Asteroidin 2200 -cü illərdə cüzi bir ehtimalla Yerlə toqquşması mümkündür.
NASA mütəxəssisi Lindli Conson bildirib ki, Bennu Yerə çırpılsa, dinozavrları məhv edən meteoritin planetimizdə yaratdığı kraterdən 10-20 dəfə daha böyük bir krater əmələ gətirə bilər.
Conson bu zərbənin baş verəcəyi təqdirdə, kraterin 100 qat böyüklüyündə bir ərazinin məhv olacağını proqnozlaşdırıb.