24 Oktyabr 2021 18:11
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Müdafiə Nazirliyi Çin və Rusiya donanmalarının hərbi gəmilərinin ölkənin cənubunda üzdüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ilk olaraq Koçi əyalətinin cənubunda görülən Çin və Rusiyanın döyüş gəmiləri daha sonra cənub-qərbə doğru yönəlib.

Kaqoşima əyaləti ilə Taneqaşima adası arasında irəliləyən donanma Osumi boğazını keçərək Şərqi Çin dənizinə doğru hərəkət etməyə başlayıb.

Donanmanın irəliləməsi zamanı Çinin “Renhai” tipli raket esminesinə daxil olan bir vertolyot havaya qalxıb və Naqasakiyə yönəlib. Bundan sonra havaya qalxan Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin (ASDF) qırıcı təyyarələrinin xəbərdarlıqlarından sonra vertolyot havaya qalxdığı yerə qayıdıb. Vertolyotun Yaponiyanın hava sərhədlərini pozmadığı bildirilib.

“Kyodo” agentliyinin verdiyi məlumata görə, Çin və Rusiya hərbi gəmiləri ilk dəfə birlikdə Osumi boğazından keçib.

Çin və Rusiya dəniz qüvvələri bu həftənin əvvəlində Yaponiyanın şimalındakı Honsyu və Hokkaydo bölgələri arasında yerləşən Tsuqaru boğazından keçmişdi.

ABŞ, İngiltərə və Avstraliya liderləri ötən ay Hind-Sakit okean regionunda Çinə qarşı üstünlüyü təmin etmək üçün AUKUS adlı ilə yeni təhlükəsizlik əməkdaşlığı qurduqlarını açıqlayıblar. ABŞ və İngiltərə bu çərçivədə Avstraliyaya nüvə enerjisi ilə işləyən sualtı texnologiyalar verəcək.

Çinlə yanaşı, Rusiya da AUKUS-un özünə qarşı təhdid və hədə hesab etdiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu