3 Noyabr 2021 22:27
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) sosial şəbəkələrdə və bəzi informasiya portallarında dövlət çevrilişinə çağırışlarla bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, Gürcüstan DTX-nin bununla bağlı bəyanatında Xidmətin ölkədə dövlət hakimiyyətini devirmək üçün çevrilişlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 315-ci maddəsinin birinci hissəsi ilə istintaq aparıldığı qeyd olunub. Bildirilib ki, son zamanlar müxtəlif sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində cinayət əlamətləri olan açıq bəyanatlar yayılır. Vətəndaşlar bilərəkdən və ya bilməyərəkdən öz dostlarını zorakılıq yolu ilə inqilabı və hakimiyyəti devirməyə çağırırlar.

Bəyanatda vurğulanıb ki, Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış və ya bu cür çağırışları ehtiva edən materialların yayılması, habelə eyni məqsədlə silahlı çağırışlar Cinayət Məcəlləsinin 317-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Bu isə 3 ilə qədər həbs cəzasını nəzərdə tutur.

“DTX öz səlahiyyətləri çərçivəsində Gürcüstanın konstitusiya quruluşunu qorumaq və dövlət hakimiyyətinin konstitusiyaya zidd, zorakılıqla dəyişdirilməsinin qarşısını almaq üçün qanunla nəzərdə tutulmuş bütün hüquqi tədbirləri görəcək. Biz bir daha destruktiv qüvvələri cinayət əməllərindən çəkinməyə və qanun çərçivəsində qalmağa çağırırıq”, – deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, Gürcüstan DTX-nin oktyabrın 29-da yaydığı bəyanatda ölkədə dövlət çevrilişi ilə bağlı planların hazırlandığı bildirilirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər