“Təəssüf ki, biz çox vaxt Avropa Parlamentinin bəzi deputatlarının alovun üzərinə benzin tökmək kimi hərəkətlərini görürük”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İmedi telekanalında yayımlanan “Günün xronikası” proqramında deyib.
Avroparlamentarilərin Gürcüstana səfərini şərh edən nazirin sözlərinə görə, nümayəndə heyətinin Avropa Parlamentinin maraqlarını hansı səviyyədə təmsil etmələri məlum deyil.
“Avropa Parlamentində nümayəndə heyətlərinin formalaşdırılması, təyin edilməsi və xarici ölkəyə səfərləri ilə bağlı kifayət qədər sərt qaydalar var. Maraqlıdır, onlar kimin adından danışır və niyə gəliblər”, - XİN başçısı söyləyib.
M.Boçorişvilinin sözlərinə görə, Avropa Parlamentinin Gürcüstana qarşı çox tənqidi mövqe tutan üzvləri var:
“Onlar obyektiv mənzərəni görmək istəmirlər. Biz onların Avropa Parlamentinin qətnamələrində öz əksini tapmış “yaradıcılıqlarını” dəfələrlə görmüşük”.
Qeyd edək ki, Avropa Parlamentinin 6 üzvü Gürcüstanda səfərdədir. Onlar bu gün müxalifət partiyaları, prezident Salome Zurabişvili və jurnalistlərlə görüşlər keçiriblər.