Suriyada PKK terror təşkilatının nəzarəti altında olan Qamışlıda baş verən partlayışda təşkilat lideri Abdullah Öcalanla yaxın münasibətdə olan Yusif Qulo da daxil olmaqla 3 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, PKK-ya bağlı media orqanları avtomobildə ölənlərin Yusif Qulo və onun qohumları Mazlum və Mahmud Qulo olduğunu bildirib.
“Yeni Şafak” qəzetinin iddiasına görə, avtomobil Türkiyə dronları tərəfindən vurulub. Amma bu məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Qulo ailəsi Suriyada PKK terror təşkilatına dəstək verən ilk ailələrdəndir. Yusif Qulo Suriyada gizləndiyi müddətdə Abdullah Öcalanın özündən təlim alıb.
“Türkiyə” qəzeti isə terrorçu Qulonun 1983-cü ildə PKK-nın Suriya təşkilatını yaradan ilk şəxs olduğunu yazıb.
1980-ci illərin əvvəllərində PKK-ya qoşulan Yusif Qulo 2011-ci ildən sonra Afrin və Qamışlı kimi bölgələrdə terror kantonlarının yaradılmasında fəal rol oynayıb. O, bütün ələ keçirilmiş ərazilərdə terror düşərgələrinin qurulmasını təmin edib. PKK-nın terror yolu ilə ələ keçirdiyi türkmən və ərəb kəndlərində on minlərlə hektar torpaq sahəsini və sənaye müəssisələrini ələ keçirən Yusif Qulo bu talançılıq fəaliyyətlərindən əldə etdiyi pulların bir hissəsini təşkilata göndərib, qalanını da mənimsəyib.