ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın kosmosda dağıntılar yaradan və kosmosa təhlükə yaradan sınaq həyata keçirdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Prays Rusiyanın peyklərindən birinə qarşı peyk əleyhinə raketini sınaqdan keçirdiyini deyib.
“Rusiya ehtiyatsız şəkildə peyklərindən birinə qarşı peyk əleyhinə raket sınağı həyata keçirib. Sınaq indiyədək 1500-dən çox izlənilə bilən və yüz minlərlə kiçik orbital tullantı yaradıb. Bu, bütün xalqların maraqlarını təhdid edir”, - departamentin sözçüsü qeyd edib.
Rusiya tərəfindən həyata keçirilən sınağı “məsuliyyətsiz” və “təhlükəli” adlandıran Prays vurğulayıb ki, dağıntı sahəsi Beynəlxalq Kosmik Stansiya (BKS) üçün təhlükə yaradır:
“Bu sınaq BKS-də olan astronavtlar və kosmonavtlar, eləcə də digər kosmik uçuşlar üçün riski əhəmiyyətli dərəcədə artıracaq. Rusiyanın təhlükəli və məsuliyyətsiz davranışı kosmosun uzunmüddətli dayanıqlığını təhlükə altına qoyur və Rusiyanın kosmik silahlanmaya qarşı olduğu iddialarının qeyri-ciddi və ikiüzlü olduğunu nümayiş etdirir”.