ABŞ Prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı sənədli film çəkən rejissor Oliver Stoun bu siyasi qətlin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən ört-basdır edildiyi iddiasının doğru olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, “Oskar” mükafatlı Oliver Stounun rejissoru olduğu sənədli film noyabrın 12-də ekrana çıxarılıb.
Rejissor 1991-ci ildə çəkdiyi filmdə prezidentin qətli ilə bağlı şübhələrə diqqət çəkmişdi. Bundan sonra ABŞ rəsmilərini sui-qəsdə dair 2029-cu ilə qədər məxfi qalmalı olan sənədləri mərhələli şəkildə yaymağa inandırmışdı.
Yeni sənədli filmi ilə mövzunu yenidən gündəmə gətirən Stoun CIA-nın sui-qəsdlə bağlı həqiqəti gizlətdiyi iddiasının doğru olduğunu bildirib.
“Gündüz bütün dünyanın gözü qarşısında ABŞ prezidentini öldürəndə insanlar dərhal hiss etdilər ki, böyük dövlətlər iş başındadır”, - rejissor deyib.
1963-cü ildə aparılan araşdırmada Texasda Kennedini avtomobilində güllələyən kommunist simpatizanı Li Harvi Osvaldın sui-qəsdi təkbaşına həyata keçirdiyi vurğulanıb. Amma həbs edildikdən sonra qurban olduğunu və Kennedini öldürmədiyini deyən Osvald da sui-qəsddən iki gün sonra Cek Rubi tərəfindən öldürülüb.
Stoun isə iddia edib ki, həmin istintaqdakı dəlillər bu gün etibarlı ola bilməz. O, sənədli filmi ilə tamaşaçılarını SSRİ-də yaşamış və Kubanın kommunist lideri Fidel Kastronun təbliğatını aparan Osvaldın CIA ilə də əlaqəsinə, əslində ikili agent olduğuna inandırmağa çalışır. Sənədli filmdə o da bildirilir ki, əgər Osvald yeganə snayperdirsə, onda güllə Kennediyə arxadan dəyməli idi. Bununla belə, məxfi olmayan sənədlərdə 40 şahid Kennedinin başında güllənin öndən girib arxadan çıxdığını göstərən dəlik olduğunu bildirir.
Vurulduqdan sonra Kennedini xilas etməyə çalışan həkim Malkolm Perri prezidentin yarasının ön tərəfdən açıldığını deyib. Perri daha sonra gizli xidmətin bunu açıqlamaması üçün ona təzyiq etdiyini bildirib.
Eyni zamanda, sənədli filmdə Kennediyə əvvəllər də buna bənzər uğursuz sui-qəsd planlarının olduğu və bu dəlillərin məhv edildiyi iddia edilib. Sui-qəsd qeydlərini nəzərdən keçirən hakim Con Tunheym da Oliver Stouna sübutların məxfi xidmətlər tərəfindən məhv edildiyinə inandığını söyləyib.