24 Noyabr 2021 20:13
8 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Xarici Əlaqələr Xidmətinin (EEAS) verdiyi bəyanatda Rusiya Prezidenti Vladimir Putinin noyabrın 15-də separatçıların nəzarətində olan Ukraynanın Donbas və Luqansk bölgələrində istehsal olunan məhsulların Rusiya bazarında rus malları ilə ekvivalent statusa malik olmasına dair sənəd imzaladığı bildirilib.

Teleqraf.com xəbər verir ki, bəyanatda Putinin sözügedən fərmanının Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozduğu deyilib.

Fərmanın Minsk razılaşmasının məqsədlərinə zidd olaraq Donbas və Luqansk bölgələrinin Ukraynadan daha da ayrılmasını hədəflədiyinə diqqət çəkilərək, AB-nin Rusiyanın bu qərarından təəssüfləndiyi bildirilib.

AB Rusiyanı sözügedən qərarından imtina etməyə və Ukraynanın şərqindəki münaqişəni daha da qızışdırmağa yönəlmiş birtərəfli addımlara son qoymağa çağırıb.

Sözügedən fərmana əsasən, Donetsk və Luqanskda istehsal olunan mallar Rusiya bazarındakı rus məhsulları ilə ekvivalent statusa malik olacaq. Rusiya ilə bu regionlar arasında daşınan mallara ixrac və idxal məhdudiyyətləri tətbiq edilməyəcək.

Putinin 2018-ci ildə imzaladığı başqa bir fərmanla isə Donbas bölgəsində yaşayanların pasportları, doğum-ölümü kimi müxtəlif sənədlərin Rusiyada qəbuluna qərar verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər