Dekabrın 2-də Stokholmda görüşən Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında Ukraynaya görə qızğın müzakirə yaşandığı iddia edilib.
Teleqraf.com xəbər verir ki, “Blumberq” ABŞ və Ukrayna arasında baş verən Ukrayna gərginliyinin Lavrov-Blinken görüşündə də əks olunduğunu yazıb.
Agentliyin iddiasına görə, Rusiyanın Ukraynaya qarşı mümkün işğalına qarşı Qərbin atacağı addım gündəmə gəldikdə, dövlət adamları arasında mübahisə olub.
ABŞ və Avropadakı müttəfiqlərinin Ukraynaya qarşı Rusiya təhlükəsinə cavab vermək üçün müxtəlif yollar, o cümlədən sanksiyalar axtarışında olduğu deyildikdən sonra fikir mübadiləsi gərginləşib.
Lavrov Blinkenə 2014-cü ildə Kiyevdə baş verənlərin dövlət çevrilişi olduğunu xatırladıb və NATO və Avropa Birliyini müxtəlif siyasi baxışları olan insanları sıxışdırmaqda və Rusiyanı təhdid etməkdə ittiham edib.
Blinken isə NATO-nun müdafiə ittifaqı olduğunu deyərək, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə sadiq qüvvələrin Kiyevdə dinc nümayişçilərə atəş açdığını və yüzdən çox insanı öldürdüyünü söyləyib.