Ukrayna Ali Radasının deputatı İlya Kiva 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı “gizli razılaşma” barədə danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, İngiltərənin “Teleqraf” qəzetinə müsahibəsində bildirib.
İlya Kivanın sözlərinə görə, dönəmin Ukrayna hakimiyyəti gizli razılaşmalarla Krımı Amerika ilə birlikdə Rusiyaya verib.
Kivanın fikrincə, Vaşinqton öz nəzarəti altında olan siyasi qüvvələri Ukraynada hakimiyyətə gətirərək, regionda strateji hədəfi olan Moskvanın mövqeyini diqqətdən kənarda qoya bilməzdi.
Ukraynalı parlamentarinin sözlərinə görə, Rusiya və ABŞ iki imperiyadır və onların arasında razılaşma olub: “Hakimiyyəti ABŞ-a, Krımı isə Rusiyaya verdilər”.
Kiva qeyd edib ki, məhz Moskva və Vaşinqton arasındakı razılaşmaya görə, Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov Kiyevin nəzarətində olan qoşunların Krımdan çıxarılması barədə göstəriş verib.
Kiva bundan əvvəl də Krımın Rusiyaya birləşdirilməsinin səbəbi haqda iddiarı irəli sürmüşdü. Onun sözlərinə görə, 2014-cü ildə Ukraynada hakimiyyətə gələn siyasi qüvvələr Moskvanın 2014-cü il hadisələrinə (Maydan) qarışmaması naminə Krımın Rusiyaya birləşdirilməsinə mane olmamaq barədə razılığa gəliblər: “Bundan sonra hakimiyyət yenidən bölüşdürüldü və Rusiyanın müdaxilə etməməsi üçün gözümüzü yumub Krımdan imtina etmək qərara alındı”.