2 Yanvar 2022 14:13
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerə Kraliça II Elizabet tərəfindən verilmiş “Cəngavər” titulunun ləğvi üçün başladılan petisiyaya 45 mindən çox insan qatılıb.

Teleqraf.com xəbər verir ki, Britaniya kral ailəsi tərəfindən hər ilin sonunda açıqlanan “Yeni il şərəfi” siyahısına Bleyerin də adının salındığının açıqlanmasından dərhal sonra change.org saytında bunu ləğv etmək üçün petisiya başladılıb.

Kampaniyanın rəhbəri Anqus Skott sabiq baş naziri Britaniyaya “düzəldilməz ziyan vurmaqda” ittiham edib. Bleyerin müxtəlif müharibələrdə saysız-hesabsız günahsız və dinc insanların, eləcə də əsgərlərin ölümünə görə şəxsən məsuliyyət daşıdığını deyən Skott Bleyrin məhz bu hərbi cinayətlərə görə məsuliyyət daşımalı olduğunu söyləyib.

Skott Toni Bleyeri “şərəfləndirilməyə ən az layiq olan insan” adlandırıb və Kraliça Elizabetdən ona verdiyi titulu geri almasını istəyib.

1997-2007-ci illərdə 10 il Böyük Britaniyanın baş naziri olmuş Bleyer ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2003-cü ildə İraqa müdaxiləsinə verdiyi dəstəyə görə tənqid olunub. Britaniya parlamentini “İraqın kütləvi qırğın silahları” iddiası ilə aldatdığı bildirilən Bleyer 30 000-lik hərbi qüvvə göndərməklə ölkəsini İraqın işğalına ortaq etmişdi.

179 ingilis hərbçisinin həyatını itirdiyi İraq işğalında 200 000-dən çox iraqlının həlak olduğu deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər