“Nyu-York Tayms” qəzeti Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə mümkün yerləşmə nöqtələrinin xəritəsini dərc edib.
Teleqraf.com xəbər verir ki, nəşr xəritənin Ukrayna və Qərb rəsmilərini, eləcə də müstəqil hərbi analitiklərin məlumatları və peyk görüntüləri əsasında tərtib edildiyini yazıb.
Xəritə qoşunların növünü və sayını, habelə texnikanın növlərini göstərir.
Hazırda Ukrayna ilə sərhəddə 100 min rus hərbçisinin olduğu iddia olunur. Bununla belə, ABŞ xüsusi xidmət orqanlarının məlumatına görə, Moskva 175 min hərbçinin Ukraynaya qarşı ehtimal olunan savaş üçün hazırlayıb. Nəşr onu da qeyd edib ki, Rusiyanın qonşu ölkənin ərazisini işğal etməyi planlaşdırıb-planlaşdırmadığı hələlik məlum deyil, amma Rusiya bunun üçün lazım olan hər şeyi etməyə hazır kimi görünür.
Xəritədə Rusiya qoşunlarının Ukrayna yaxınlığında 10 əsas dislokasiya nöqtəsi göstərilir. Qəzetin yazdığına görə, iki qrup Belarusla sərhəddə, Yelnya və Klintsı şəhərləri yaxınlığında yerləşir. Daha üç qrup Voronej yaxınlığında, biri Volqoqrad vilayətində, ikisi işğal edilmiş Donetsk və Luqanskla təmas xəttində, biri Krasnodar vilayətinin Korenovsk yaxınlığında, digəri isə Krımdadır.