Yetmişdən çox alman akademiki və xarici siyasət eksperti açıq məktub dərc edərək Almaniyanın Rusiya Prezidenti Vladimir Putinin ekspansionist planlarına açıq müqaviməti gücləndirməyi tələb ediblər.
Teleqraf.com xəbər verir ki. açıq məktubda Almaniyanın Rusiya siyasətini tənqid edən fikirlər yer alıb.
Məktubda Berlin getdikcə avtoritarlaşan Putin rejimi ilə normal münasibətləri davam etdirməyə hazır olduğuna görə tənqid olunub
Məktub Putin rejiminin daxili və xarici təcavüz aktlarını pisləyən icmalla başlayır. Müəlliflər məktubda Almaniyanın Rusiyanın pis davranışlarına qarşı şişirdilmiş dözümlülük nümayiş etdirdiyini vurğulayıb.
“Avropanın ən böyük iqtisadi gücü olan Almaniya otuz ildən artıqdır ki, bu hadisələri tənqid edir, amma çox vaxt passiv şəkildə qiymətləndirir”.
Elm adamları bildiriblər ki, Almaniyanın Rusiyanın qisascıl macəralarına cavabı adekvat deyil. Ekspertlər deyiblər ki, Berlinin siyasəti Şərqi Avropanın qeyri-nüvə dövlətlərinin zəifləməsinə və daim genişlənən nüvə supergücünün möhkəmlənməsinə töhfə verib.
Məktubda iddia edilib ki, “Şimal axını-2” boru kəməri 2014-cü ildə Rusiyanın Ukraynaya təcavüzü üçün yol hazırlayıb. Bu, Almaniyanın “rus neoimperializminə qarşı siyasi passivliyinin məntiqi nəticəsi” kimi qiymətləndirilib.
Müəlliflər aydın şəkildə bildiriblər ki, İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının Rusiyada törətdiyi cinayətlər Berlinin Putin rejiminin qisascıllığı və nihilizminə beynəlxalq hüquq baxımından cavab vermək istəməməsinə haqq qazandırmır. Rusiyanın Ukraynaya yeni işğalının vaxtilə Hitler Almaniyasının qurbanı olmuş bir xalqa yenidən fəlakət yaşadacağı vurğulanıb.
Ekspertlər belə qənaətə gəliblər ki, Almaniyanın Rusiyaya qarşı siyasəti kökündən korrektə edilməlidir. Davamlı passivliyin yalnız Rusiyanı daha da irəli getməyə sövq edəcəyi deyilib.
Məktubda vurğulanıb ki, Almaniya Rusiyaya nəzarət etmək və sanksiyalar tətbiq etmək və Moskva tərəfindən parçalanan və əzilən dövlətləri dəstəkləmək üçün daha çox iş görməlidir.