Çexiyada hökumətin koronavirus tədbirlərinə etiraz etmək istəyən 57 yaşlı müğənni Hana Horkanın qəsdən koronavirusa yoluxduğu və öldüyü iddia edilib.
Teleqraf.com xəbər verir ki, müğənni sosial media hesabında bəzi məhdudiyyətlərdən azad olmaq üçün qəsdən koronavirusa yoluxduğunu və sağaldığını açıqlayıb.
O, əri və oğlunun yoluxduğu zaman özünü bilərəkdən koronovirusa yoluxdurduğunu deyib. Müğənni bu açıqlamadan 2 gün sonra dünyasını dəyişib.
Horka bazar günü paylaşımında yazıb: “Delta mutasiyasından xilas oldum. Çox rəngli idi. İndi saunam var, sosial həyatım var, üzə bilirəm. Yəni həyatımda teatr, sauna, konsert və bir az da dəniz olacaq. Hamınıza gözəl gün arzulayıram. Həyat mənim və sizin üçün buradadır”.
Müğənninin ölümü ilə bağlı açıqlama verən oğlu Can Rek anasının xəstəliyinin 5 gün çəkdiyini deyib: “Əvvəlcə onun özünü koronavirusa yoluxdurduğunu başa düşmədim. Çünki özünü təcrid etmirdi. Sonradan bildim ki, atamla mən virusa yoluxanda o da qəsdən virusa yoluxub. Əvvəlcə PCR testi verildi və nəticə neqativ oldu. Sonra o, xəstə olduğunu başa düşdü və ikinci test etdi, müsbət çıxdı. Atamla peyvənd olunmuşduq, xəstəliyi yüngül keçirdik. Cəmi 3 gün çəkdi. Amma anam peyvənd olunmaq istəmirdi.
Son gün səhər oyandı, paltarını dəyişdi, gəzməyə çıxdı. Evə gələndə belinin ağrıdığını dedi. Ona yatmağı məsləhət gördük, 10 dəqiqə ərzində öldü”.