ABŞ Dövlət Departamenti Rusiyanın mümkün müdaxiləsi durumunda Kiyev səfirliyindəki əməkdaşlarının ailələrinə ölkəni tərk etmək təlimatı verib.
Teleqraf.com xəbər verir ki, Dövlət Departamenti Rusiya və Ukrayna arasında gərginliyin artması fonunda Ukraynaya səyahət xəbərdarlığı edib.
“Dövlət Departamenti ABŞ-ın Kiyevdəki səfirliyində birbaşa işə götürülən əməkdaşlarına Rusiyanın davam edən hərbi əməliyyat təhlükəsi səbəbindən Ukraynanı könüllü olaraq tərk etmələrinə icazə və onların ailə üzvlərinə ölkəni tərk etmələri barədə göstəriş verib”, - açıqlamada qeyd edilib.
Açıqlamada Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyat planlaşdırdığına dair məlumatların olduğuna diqqət çəkilib:
“Təhlükəsizlik şərtləri gözlənilməzdir və hər an, xüsusən də Ukrayna sərhədləri boyunca, Rusiyanın işğalı altında olan Krımda və Rusiyanın nəzarətində olan şərq bölgəsində vəziyyət hər an pisləşə bilər”.
Açıqlamada mümkün hərbi əməliyyatın ABŞ-ın Ukraynadakı diplomatik fəaliyyətlərinə də təsir edə biləcəyi deyilib.