ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi Rusiyanın son 24 saat ərzində Ukrayna sərhədinə yaxın bölgələrdə və Belarusda hərbi gücünü artırdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Kirbi ABŞ-ın Ukrayna sərhədindəki hadisələri yaxından izlədiyini söyləyib.
“Ruslar son 24 saat ərzində öz ölkələrinin qərbində və Belarusda döyüş qüvvələrini yerləşdirməyə davam ediblər”, - Pentaqonun sözçüsü bildirib.
Ukraynaya müdafiə dəstəyi verməyə davam etdiklərini açıqlayan Kirbi Amerikanın niyə Ukraynaya hava hücumundan müdafiə sistemləri verməməsi ilə bağlı suala belə cavab verib:
“Bu yaxınlarda hava və raketdən müdafiə sistemləri üzrə mütəxəssislər qrupu orada idilər. Onlar bu məsələ ilə bağlı Ukraynayla geniş danışıqlar aparıblar. Bu, davam edən prosesdir. Biz artıq onlara üç partiya dəstək göndərmişik. Qarşıda daha çox şey olacaq, hələlik isə bu prosesi qabaqlamaq istəmirəm. Ukraynaya hansı silahların verilməsinin təfərrüatını açıqlamayacağam. Ehtiyacları ilə bağlı onlarla daimi əlaqə saxlayırıq. Düşünürəm ki, silahlarla bağlı bu danışıqlar davam edəcək.
Şərqi Avropaya göndərilən 8500 hərbçi ilə bağlı bəzi məlumatları da açıqlayan Kirbi Əfqanıstan və İraq əməliyyatlarında da istifadə edilən 82-ci və 101-ci Hava Desant Diviziyaları ilə yanaşı, 4-cü Piyada Diviziyasının bəzi birliklərinin və 4 aviabazanın döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.