8 Fevral 2022 13:17
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron Ukrayna ətrafında gərginliyi azaltmaq üçün saziş bağlayıblar, lakin Kreml onun şərtlərinin ABŞ tərəfindən təsdiqini gözləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Financial Times” (FT) mənbələrə istinadən xəbər verir.

Qəzet Fransanın rəsmilərinə istinadən yazır ki, Putin və Makron Rusiyanın yeni “hərbi təşəbbüslər” etməyəcəyi barədə razılığa gəliblər. Bundan əlavə, Moskva özünün silahlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı dialoqda iştirak etməyə razılaşıb.

“The Financial Times”ın mənbəsinin sözlərinə görə, Rusiya Prezidenti Minsklə birgə keçirdiyi “Müttəfiqlərin qətiyyəti-2022” təlimləri başa çatandan sonra təlimlərdə iştirak edən 30 minə qədər rus hərbçisinin Belarusdan çıxarılmasına da razılıq verib. Tərəflər Belarusdan rus hərbçilərinin çıxarılmasını Ukrayna ətrafındakı gərginliyin azaldılması kimi nəzərdən keçiriblər.

Qəzet yazır ki, bu məsələ növbəti görüşlərdə müzakirə olunacaq və orada “kollektiv təhlükəsizlik məsələləri üzrə strukturlaşdırılmış dialoq” haqqında sazişin bağlanması planlaşdırılır. Rusiya hələ ki, sazişin bağlandığını təsdiqləməyib.

“Bütün bu məsələlər Fransanın Avropa İttifaqı və NATO-dakı müttəfiqlərinin, ilk növbədə ABŞ-ın razılığını tələb edir”, – Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib. O əlavə edib ki, hələlik başqa bir şey haqqında danışmaq tezdir.

Moskvada danışıqlardan sonra keçirilən mətbuat konfransında nə Putin, nə də Makron əldə olunan razılaşmalardan bəhs etməyiblər. Eyni zamanda, Fransa Prezidenti rusiyalı həmkarının Ukrayna ətrafında vəziyyətin deeskalasiyasını müzakirə etməyə hazır olduğunu bildirib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər