9 Fevral 2022 11:10
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda həm Ukrayna ilə sərhəddə, həm də Belarusda görünməmiş Rusiya hərbi yerləşdirməsi var. İkinci Dünya müharibəsindən sonra belə bir qoşun hərəkətliliyi görülməyib. İndi bu qoşunların yerləşdirilməsinin nəticəsinin nə olacağı maraqlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Polşa Prezidenti Andrez Duda bəyan edib.

Qeyd edək ki, Berlində Fransa, Polşa prezidentləri və Almaniya kanslerinin iştirakı ilə üçtərəfli görüş baş tutub. Tərəflər Ukrayna-Rusiya böhranını müzakirə ediblər.

Almaniya Kanlseri Olaf Şolz görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib ki, rus qoşunlarının Ukrayna sərhədlərinə toplanması böyük narahatlıq yaradır:

“Veymar üçlüyünün ortaq məqsədi Avropada müharibənin qarşısını almaqdır”.

Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasının yolverilməz olduğunu vurğulayan kansler bunun Moskva üçün siyasi, iqtisadi və geostrateji baxımdan “uzaqlı nəticələrə” səbəb olacağı barədə xəbərdarlıq edib.

Gərginliyi azaltmaq üçün Polşa prezidenti Duda və Fransa prezidenti Makronla işləmək istədiklərini açıqlayan Şolz hesab edir ki, danışıqlara və həll yoluna ehtiyac var:

“Bizim mövzu ilə bağlı son günlərdə sıx əlaqələrimiz olub və bu nöqtədə əlaqələrimiz xüsusilə sərfəli olacaq. Çünki bizim hamımızın ortaq məqsədi var: Avropada sülhü qorumaq. Buna diplomatiya və aydın mesajlar vasitəsilə nail olunacaq”.

Polşa prezidenti Duda ilk olaraq Veymar üçlüyünün tarixi görüşü üçün kansler Şolza təşəkkür edib və Rusiyanın təcavüzünə toxunaraq bildirib ki, bu çətin zamanda birlikdə həll yolu axtarmaq vacibdir. Duda vurğulayıb ki, hazırkı vəziyyət 1989-cu ildən bəri Avropa üçün ən çətin vəziyyətdir.

Polşa prezidenti bildirib ki, hazırda həm Ukrayna ilə sərhəddə, həm də Belarusda görünməmiş Rusiya hərbi yerləşdirməsi mövcuddur. Duda bunu İkinci Dünya müharibəsindən bəri belə bir qoşun hərəkətliliyi görmədiyini iddia edərək, bu addımın nəticəsinə diqqət çəkib.

Polşa prezidenti, Ukrayna kimi Aİ və ya NATO üzvü olmayan ölkələr üçün beynəlxalq hüququn və ərazi bütövlüyünün təmin edilməsinin lazım olduğunu vurğulayıb: “Müharibədən qaçmaq üçün həll yolu tapmalıyıq. Həmrəy olmaqdan əlavə, geriyə addımın olmayacağını, vahid səsimizin olacağını da göstərmək lazımdır”.

Prezident Makron deyib ki, əsas hədəf müharibədən qaçmaqdır: “Avropa qitəsində sülh və sabitlik ən böyük xəzinədir. Bu xəzinənin qorunması üçün hər şeyin edilməsi lazımdır. Avropalıların və müttəfiqlərinin birliyini müdafiə etmək hər zaman lazımdır. Bundan əlavə, bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi son 30 ildə inkişaf etdirilmiş Avropa prinsipləri müdafiə olunmalıdır. Rusiya ilə dialoq üçün orta yollar tapmaq lazımdır”.

Fransa dövlət başçısı yaxın bir neçə gün və həftələrdə Normandiya formatında danışıqların aparılacağını da açıqlayıb. Makron bəyan edib ki, Ukraynada sülhə nail olmağın yeganə yolu dialoqdur. Son günlər yeni yanaşmaların ortaya çıxmasına toxunan Makron bildirib ki, bu yanaşmalar üzərində işi davam etdirmək lazımdır. Makron əlavə edib ki, gərginlik riskinin qarşısını almaq, uzunmüddətli perspektivdə sülh və sabitliyi təmin etmək üçün Rusiya ilə dialoq qurulmalıdır.


Müəllif: Nemət