Pakistanın Baş naziri İmran Xan CNN telekanalına müsahibəsində regional və beynəlxalq hadisələr, Əfqanıstandakı son vəziyyət və digər məsələlərlə bağlı açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, baş nazir ABŞ-ın Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda mülki insanların da həlak olduğunu deyib.
Xan ABŞ-ın pilotsuz təyyarə hücumlarında yalnız terrorçuları hədəfə aldığı açıqlamasına belə reaksiya verib: “Kəndlərdə partlayan bombalar necə olur ki, ancaq terrorçuları hədəf ala bilər?”.
ABŞ ictimaiyyətinin partlayan bombaların əks təsirlərinin olduğundan xəbərsiz olduğunu söyləyən İmran Xan Vaşinqtonun dron hücumları ilə bağlı siyasətini gözdən keçirməli olduğunu bildirib.
Xan deyib ki, ABŞ-ın Əfqanıstanda terrora qarşı apardığı müharibə daha çox terrorçunun üzə çıxmasına səbəb olub.
O, Pakistanın Əfqanıstanda ABŞ-la əməkdaşlıq etdiyinə görə qisas hücumlarına məruz qaldığını söyləyib: “Ölkənin hər yerində kamikadzelər var idi. 80 min insanımızı itirdik”.
Əfqanıstandakı mövcud vəziyyətə görə 40 milyon insanın acınacaqlı durumda olduğuna diqqət çəkən Xan Amerikanın Talibana qarşı mənfi münasibətinin sadə əfqan xalqına da baha başa gəldiyini dilə gətirib.
Hazırda dünya üçün yeganə variantın Əfqanıstandakı durumu yaxşılaşdırmaq üçün Talibanla əlaqə qurmaq olduğunu vurğulayan Xan əlavə edib: “Hazırda Talibana alternativ varmı? Xeyr, yoxdur”.
Talibanın hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə bunun əfqan xalqı üçün faydalı olub-olmayacağı sualına cavab verən Xan dünyanın Talibana arxa çevirməsinin ölkədə xaosa səbəb olacağına diqqət çəkib.
ABŞ-ın gec-tez Talibanı tanımalı olduğunu deyən Xan dünyanın Talibanı tanımadan əvvəl bəzi zəmanətlər istədiyini vurğulayıb.
Pakistan baş naziri Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki vəziyyətə də toxunub, ölkəsinin Pekindəki səfirinin bölgəyə getdiyini və onun verdiyi xəbərlərin Qərb mediasında yayımlanan informasiyalardan fərqli olduğunu iddia edib.
Son 35 ildə Cammu və Kəşmirdə təxminən 100 min kəşmirlinin öldürüldüyünü açıqlayan Xan bu bölgədə 800 min Hindistan hərbçisinin olduğunu və məhkəməsiz edamların həyata keçirildiyini söyləyib.