ABŞ Quru Qoşunlarının keçmiş komandanı general Ben Hodces Rusiyanın iki həftə ərzində Ukraynaya qarşı hərbi əməliyyata başlayacağını və Amerikanın bu böhranda Türkiyə ilə əməkdaşlıq etməli olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, general CNN Türk-ə açıqlamasında Suriyada PKK/YPG terror təşkilatına verdikləri dəstəyin yanlış olduğunu etiraf edib.
Rusiyanın iki həftə ərzində Ukraynaya qarşı hərbi əməliyyata başlayacağını iddia edən Hodces bildirib: “İrimiqyaslı hücum olacağını düşünmürəm. Qara və Azov dənizlərində əməliyyatların aparılacağını təxmin edirəm”.
Hodces ABŞ-ın Türkiyə ilə daha yaxından işləməli olduğunu söyləyib:
“Türkiyə regionun açarıdır. Düşünürəm ki, Qara dəniz və boğazlar üzərində böyük gücü olan Türkiyə ilə əməkdaşlıq indiyədək hər kəs üçün faydalı olub”.
ABŞ-ın YPG terror təşkilatına dəstək verməsinin səhv olduğunu dilə gətirən Hodces vurğulayıb:
“Strateji düşünmürük və Türkiyənin xəritədə harada olduğunu nəzərə almırıq. Məncə, YPG-ni silahlandırmaq səhv idi. Bu, bizim üçün taktiki cəhətdən işimizə yaradı. Bununla belə, strateji əlaqələrə xələl gətirdi”.
Türkiyənin önümüzdəki aylarda bölgədə kritik rol oynaya biləcəyini vurğulayan amerikalı general əlavə edib:
“NATO-nun ən qabaqcıl hərbi komandanlığına Türkiyə rəhbərlik edir. Düşünürəm ki, çox insan bundan xəbərsizdir. Hesab edirəm ki, Türkiyə kampaniyaya başlamalı, hansı kritik rolu oynadığını hər kəsə göstərməlidir. Bu yolla bir çox insanı məlumatlandıra bilər. Konqresin nümayəndə heyətləri Türkiyəyə dəvət edilməlidir. Türkiyənin əhəmiyyətini görmək lazımdır. Düşünürəm ki, Türkiyə önümüzdəki aylarda bölgədə kritik rol oynaya bilər”.