ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanın Ukrayna sərhədlərində yerləşdirilən qüvvələrinin bir hissəsini geri çəkməsi ilə bağlı bəyanatını dəyərləndirib.
Teleqraf.com xəbər verir ki, Blinken hazırda Ukrayna sərhədində kifayət qədər hərbi qüvvənin olduğunu bildirib.
“Rusiya bir söz deyir, başqa şey edir. Heç bir geriləmə görmədik. Onlar Ukrayna sərhədlərində hədələyici şəkildə qalırlar. Dediklərini edərsə, yaxşı olar, amma bunu hələlik görmürük”, - dövlət katibi söyləyib.
Blinken Rusiya hərbi qüvvələrinin çox kiçik hissəsinin geri çəkildiyini vurğulayıb:
“Bu qüvvələrin təkcə sərhədə yaxın ərazilərdə qaldığını görmürük, eyni zamanda kritik qoşun növlərinin də sərhədə doğru hərəkət etdiyini müşahidə edirik. Yəni görmək istədiklərimizin əksini. Biz bu qüvvələrin getdiyini görməliyik”.
Blinken qeyd edib ki, onlar mümkün hücumun xəbərçisi ola biləcək qüvvələrin hələ də sərhədə yaxın ərazilərdə qaldığını görürlər.
Rusiyanın qoşunlarını geri çəkməsini alqışlayacaqlarını deyən Blinken Moskva ilə diplomatik təmaslara hazır olduqlarını, amma mümkün hücumda Rusiyaya qarşı atacaqları addımlara da hazır olduqlarını vurğulayıb.
Blinken Dövlət Dumasının Prezident Vladimir Putini Ukraynanın şərqindəki separatçıların qurduğu qondarma rejimləri tanımağa çağırması qərarına da reaksiya verib: “Kremlin bu qərarı təsdiqləməsi, Rusiya hökumətinin Minsk razılaşmaları çərçivəsində götürdüyü öhdəlikləri tamamilə rədd etməsi mənasına gələcək”.
Blinken bildirib ki, bu qərarın qüvvəyə minməsi Ukraynanın suverenliyi və ərazi bütövlüyünü daha da pozacaq.