21 Fevral 2022 10:46
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası Rusiyaya qarşı ilkin sanksiyalar paketi hazırlayıb. Buna Rusiyanın iri banklarının əməliyyatlarının qadağası da daxildir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi zamanı nəzərdə tutulan məhdudiyyətlərdə digər məsələlərlə yanaşı, ABŞ və Rusiya bankları arasında beynəlxalq ödənişlərin həyata keçirilməsinə imkan verən əlaqələrin də azaldılması daxildir.

Sanksiyaya məruz qalan bankların yekun siyahısı hələ formalaşmayıb, lakin mənbələr hesab edir ki, VTB, Sberbank, VEB.RF və Qazprombank bura daxil ola bilər.

Bundan əlavə, Birləşmiş Ştatlar Rusiyanın fiziki və hüquqi simalarına qarşı da sanksiyalar tətbiq edəcək, o cümlədən aktivlərin dondurulması və hər hansı əməliyyatların qadağan olunması nəzərdə tutulur.

Ağ Ev və ABŞ Maliyyə Nazirliyi məlumata şərh verməkdən imtina edib.

Qeyd edək ki, son zamanlar qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Hazırda Donbasda durum kritikdir və silah səsləri eşidilir.


Müəllif: Nemət

Oxşar xəbərlər