Polşa Silahlı Qüvvələrinin sərəncamında olan sovet istehsalı “MİQ-29” qırıcı təyyarələri Ukraynaya göndərilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə bu gün Polşa Baş nazirinin ofisi rəsmi “Tvitter” səhifəsində paylaşım edib.
Eyni zamanda Polşanın aerodromlarından Ukraynanın istifadə etməsinə də icazə verməyəcəyi vurğulanıb. Qeyd edilib ki, Polşa Ukraynaya digər sahələrdə yardım edir.
Baş nazirin ofisinin paylaşımında Polşa Baş Qərargahının bütün "MİQ-29" təyyarələrinin hazırda ölkənin hərbi bazalarında olduğu barədə məlumatına da istinad verilib.
Qeyd edək ki, bundan əvvəl bir sıra Qərb KİV-lərində Polşanın Ukraynaya “MİQ-29” qırıcı təyyarələrini verəcəyi, əvəzində ABŞ-dan “F-16” tipli təyyarələr alacağı barədə məlumat yayılıb. Bu gün Moldovada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken də mətbuat konfransında demişdi ki, Vaşinqton və Varşava Polşanın Ukraynaya təqdim edə biləcəyi “MİQ-29”-larla bağlı aktiv danışıqlar aparır, ancaq bununla bağlı hər hansı plan hazırlanmayıb, müddət müəyyənləşməyib.