İngiltərə mediası ordu komandanlığının əmrinə tabe olmayan bəzi hərbçilərin döyüşmək üçün Ukraynaya getmiş ola biləcəyini iddia edib.
Teleqraf.com xəbər verir ki, ingilis mətbuatı bu faktın silahlı qüvvələrin komandanlığına məlum olduğunu yazıb.
İddiaya görə, icazəsiz yoxa çıxan bəzi hərbçilərin döyüşmək üçün Ukraynaya getmiş ola biləcəyi deyilib. Eyni zamanda, bunun onların şəxsi qərarı ola biləcəyi də istisna olunmayıb.
Hərbi komandanlıqdakı mənbə bildirib ki, onlar itaətsiz hərbçiləri İngiltərəyə qayıtmağa çağırırlar.
İngiltərə Müdafiə Nazirliyi bundan əvvəl bütün xidməti personalının sonrakı xəbərdarlığa qədər Ukraynaya getmələrinin qadağan edildiyini açıqlayıb. Bunun onların məzuniyyətdə olub-olmamasından asılı olmayaraq keçərli olduğunu bildirən nazirlik Ukraynaya gedənlərin cəza ilə üzləşəcəklərini vurğulayıb.
İngiltərə Xarici işlər naziri Liz Tras isə fevralın 27-də demişdi ki, o, Ukraynada döyüşmək istəyən ölkə vətəndaşlarını tamamilə dəstəkləyəcək.