Ukrayna Daxili İşlər Nazirliyi Rusiya gəmilərinin Odessa vilayətində Ukrayna sahillərini atəşə tutduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, gecə yarısı Rusiya gəmiləri Odessa vilayətinin Tuzla kəndi yaxınlığında Ukrayna sahillərini atəşə tutub.
Daxili işlər nazirinin müşaviri Anton Geraşenko faktı təsdiqləyib.
"Rus işğalçıları Ukrayna sahillərində gəmilərdən raket və artilleriya atəşi açıblar. Uzaq məsafədən zərbələr endirilib. Onlar Ukrayna sahil müdafiə sistemini hiss etmək istəyirdilər. Nəticə əldə edə bilmədilər", - Geraşenko bildirib.
DİN rəsmisi qeyd edib ki, rusların sahilə desant endirmək cəhdi olmayıb.
Xatırladaq ki, daha əvvəl KİV-də Rusiya Federasiyası Hərbi-Dəniz Qüvvələrinə məxsus desant gəmilərinin Odessa sahillərinə yaxınlaşması barədə məlumat yayılıb. Bildirilirdi ki, ən azı 14 Rusiya gəmisi Ukrayna ərazisinə doğru irəliləyib.