“1941-ci ilin iyununun son günlərində Stalinə danışılan yalanları bu gün Putin üçün təkrarlayırlar”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.
Ekspert Rusiya-Ukrayna müharibəsi ətrafında baş verənlərə diqqət çəkib:
“Rusiya prezidentinin dünən regionlara sosial-iqtisadi yardım göstərilməsinə həsr olunan müşavirəsini izlədikdən sonra əvvəl Peterburqda Qış sarayında, sonra isə Kremldə idarəçilik fəlsəfəsinin dəyişmədiyini və tarixin inadkarlıqla təkrar olunduğuna israr edən tarixçilərə haqq verdim. Doğrudan da ruslar, ən pisi isə onların rəhbərliyi dəyişmir, əlbəttə, zahirən, görkəm olaraq dəyişiblər, amma düşüncə olaraq qətiyyən irəli getməyiblər.
Bu müşavirə Rusiya tarixinin məşhur araşdırıcısı Edvard Radzinskinin fikirlərini xatırlatdı. Radzinski Stalin haqqında yazır ki, Almaniyanın hücumu barədə səhərə yaxın ona məlumat verirlər, o, dərhal Siyasi Büronun iclasının çağırılması göstərişini verir. Siyasi Büro üzvləri hələ də nə baş veridyini dərk edə bilmirlər, Stalin də hələ faicənin miqyasını anlamır. Buna görə Stalin göstərirş verir ki, sərhəd qoşunları alman hərbi hissələrini dayandırsın. Klement Voroşlov isə deyir ki, dayandırılmasın, məhv eləsin. Müharibənin ilk beş günündə müşavirə, iclas və məruzələrdə Stalinə məlumat verirlər ki, düşmən, onun texnikası, canlı qüvvəsi məhv edilir, bütün dəmir yol qovşaqları partladılıb və s. Stalin isə bir dəfə deyir ki, əgər düşmən bu qədər itki veribsə, onda onlar məğlub olmalı və geri çəkilməlidirlər. Əlbəttə, məlum olur ki, general və məmurlar həmişəki kimi, öyrəşdikləri kimi Stalinə onun eşitmək istədiyi məlumatları, saxta məlumatları verirlər. Daha bir neçə gündən sonra isə faciənin və məğlubiyyətin miqyası bəlli olur, ondan sonra Stalin artıq xalqa “əziz bacı, qardaşlar” deyə özü müraciət etməli olur.
Radzinski tez-tez I Nikolayın bir fikrini də xatırladır və şərh edir. I Nikolay öz gündəliyində yazır ki, taxta çıxanda yalnız doğrunu eşitmək istəyib və buna can atıb. Amma 30 il ərzində ancaq tərif deyiblər, yalan danışıblar. Buna görə, doğrunu yalandan ayırmağı bacarmağı unudub. Radzinski deyir ki, Nikolayın bu tövsiyəsinə əməl etmək istəyənləri gizli xəfiyyə idarəsinə gətirir və vətəni sevməyi öyrədirdilər. İndi də Putinə məhz 1941-ci ilin iyununun son günlərindəki kimi yalan danışırlar. Sonradan Xruşov Stalini əvəzlədi və yalanların bir qismi ifşa olundu”.