Rusiya ordusu Luqansk vilayətindəki şəhərləri ələ keçirə bilmədiyi üçün bütün yaşayış məntəqələrini və dinc məhəllələri bombardman edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Luqansk regional administrasiyasının rəhbəri Sergey Xayday məlumat verib.
“Kreminna, Rubijne, Severodonetsk, Lisiçansk, Popasna, Zolote – bütün bunlar Ukraynanın nəzarətində olan ərazilərdir. Düşmənin bacardığı yeganə şey Popasna və Rubijne istiqamətində bir az irəliləməkdir, amma bunlar müvəqqəti qələbələrdir, indi yenidən qruplaşırlar - biz onları nokaut edəcəyik”, - Xayday deyib.
O vurğulayıb ki, Luqansk vilayətinin tamamilə düşmənin nəzarətində olması ilə bağlı bütün iddialar tamamilə yalandır.
“Vəziyyətimiz kifayət qədər çətindir, çünki onlar planlaşdırdıqları və ya artıq Putinə hesabat verdikləri kimi şəhərləri ələ keçirə bilməyiblər. Odur ki, indi yer üzündən tamamilə silinmiş Rubijne, Severodonetski, Kreminna, Popasna, Zoloteni bombalayır və gülləbaran edirlər. Onlar üçün hədəfin ev, xəstəxana, uşaq bağçası və ya məktəb olmasının fərqli yoxdur”, - Sergey Xaydan söyləyib.
Onun sözlərinə görə, Luqansk vilayətində rus işğalçılarından əziyyət çəkməyən, onların gülləsindən yayınan bir yaşayış məntəqəsi yoxdur.
“Şəhərlərimiz indi çoxmərtəbəli xarabalığa çevrilib, hər rayon qorxu filmini xatırladır. Bütün məhəllələr və küçələr yaşayış üçün yararsızdır. Ailələr evsiz qalıb. Luqansk vilayətində insanlar yoxdur. Bəziləri ikinci dəfə qaçqınlıq həyatı yaşayır”, - regional administrasiyanın rəhbəri bildirib.
Sergey Xayday Rusiyanın ali hərbi rəhbərliyinə də illərdir rus ordusunun döyüş qabiliyyətini gücləndirmədiyinə, pulları oğurlayıb villalara və saraylara xərclədiyinə görə təşəkkür edib.