“Pfizer Inc” əczaçılıq şirkəti qan təzyiqinin müalicəsi üçün nəzərdə tutulan “Accuretic” preparatının bir neçə partiyasını və preparatın təsdiqlənmiş daha aşağı qiymətə olan iki versiyasını geri çağırır. Şirkət bu addımı dərmanlarda potensial olaraq xərçəngə səbəb olan çirkin - nitrozaminin səviyyəsinin yüksək olmasına görə atıb.
Teleqraf.com xəbər verir ki, şirkətin açıqlamasında bu günədək preparatla bağlı əlavə təsirlər barədə heç bir məlumatun alınmadığı qeyd olunub. Nitrozaminlər qurudulmuş və qızardılmış ət, süd məhsulları və tərəvəzlər də daxil olmaqla, suda və qida məhsullarında geniş yayılıb. Uzun müddət ərzində icazə verilən səviyyədən yuxarı çirklərin təsiri xərçəngin inkişaf riskini artıra bilər. Lakin, “Pfizer Inc” şirkətinin nümayəndələrinin fikrincə, preparatı qəbul edən xəstələr üçün birbaşa risk mövcud deyil.
Dərman istehsalçısının sözlərinə görə, hazırda bu dərmanları qəbul edən xəstələr alternativ müalicə variantları barədə həkimləri ilə məsləhətləşməlidirlər. Martın əvvəlində eyni çirkin mövcudluğuna görə “Pfizer Canada” tərəfindən “Accuretic” preparatı geri çağırılıb. Keçən il isə dərman istehsalçısı həblərdə yüksək miqdarda nitrozaminin olduğuna görə, siqaret əleyhinə “Chantix” preparatını da geri çağırıb.