Rusiya Federasiyasının dondurulmuş aktivləri yaxın vaxtlarda Ukraynaya gəlməyəcək.
Teleqraf.com bildirir ki, bunu Ukraynanın Maliyyə naziri Sergey Marçenko deyib.
Onun sözlərinə görə, dondurulmuş aktivlərlə bağlı qərarı bu aktivlərin dondurulduğu ölkələrin hökumətləri verir.
“Hələlik deyə bilmərəm ki, bu vəsait yaxın vaxtlarda Ukraynaya gələcək. Bilirəm ki, Kanada və ABŞ-da belə iş aparılır. Avropada bu bir az çətindir, amma əminəm ki, onlar da bu prosesə mümkün qədər tez qoşulacaqlar”,- Marçenko bildirib.
Xatırladaq ki, Kiyev ABŞ-la Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya maliyyə yardımı üçün istifadə edilməsi ilə bağlı danışıqlar aparır.
Bundan əvvəl ABŞ Senatında Demokrat Partiyası rusiyalı oliqarxların oğurladığı vəsaitləri Ukrayna ordusuna silah tədarükünün ödənilməsi üçün istifadə etməyi təklif edib.