Beş həftədir karantinə bağlanan Çinin Şanxay şəhərində baş verən hadisə böyük rezonansa səbəb olub.
Teleqraf.com xəbər verir ki, çəkilən video görüntüdə qoruyucu geyimdə olan işçilərin meyit çantasını meyitxanaya çatanda maşından çıxardığı əks olunub. Ancaq diqqətlə baxdıqda həmin şəxsin hələ də sağ olduğu anlaşılır.
Görüntülərdə bir nəfərin “Yaşayır, bunu görmüsən?”, - səsi eşidilir. Amma buna rəğmən cəsəd torbasında olan və ölmüş güman olunan şəxs içəri aparılır.
Səlahiyyətlilər Putuo bölgəsində baş verən hadisəni təsdiqləyib və araşdırmalara başlanıldığını bildiriblər.
Qocalar evinin rəhbərliyi üzr istəsə də, bu, şəhər sakinlərinin qəzəbini yatırmağa kifayət etməyib.
Şanxay Mərkəzi İntizam Təftiş Komissiyası bildirib ki, qocalar evinin direktoru və həkim də daxil olmaqla 5 məmur işdən çıxarılıb və araşdırma başlanıb. Çin Kommunist Partiyasının yerli məmurlarından birinə töhmət verilib.
Qocalar evi rəhbərliyi xəstənin hələ də sağ olduğunu anlayan işçiləri tərifləyib və 5 min yuan (1300 manat) mükafat verəcəklərini açıqlayıb.
Digər tərəfdən öldüyü ehtimal edilən qocanın xəstəxanaya aparıldığı və müalicəsinin davam etdiyi bildirilib.
Sözügedən şəxsin COVID-19-a yoluxduğu və ya peyvənd olunub-olunmadığı hələ də bəlli deyil.
Mart ayından bəri Şanxayda sərt karantin tədbirləri ərzaq çatışmazlığı və çatdırılma kimi problemləri gətirib, kütləvi etirazlara səbəb olub.
Martın 28-dən etibarən ciddi karantin tətbiq edilən 25 milyon əhalisi olan şəhərdə yerli hökumət Omicron variantını idarə etmə tərzinə görə tənqid mərkəzindədir.