Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini, general-mayor Viktor Qulyeviç Ukraynanın sərhəddə 20 min nəfərə qədər silahlı qrup cəmləşdirdiyini və bunun üçün cavab verilməli olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, onun bəyanatı Belarus Müdafiə Nazirliyinin “Teleqram-kanal”ında verilib.
“Təhlükəsizliyi təmin etmək üçün cənub istiqamətində xüsusi əməliyyat qüvvələrinin bölmələrinin qüvvələri üç taktiki istiqamətdə yerləşdirilib”, - deyə V.Qulyeviç izah edib.
Bu gün səhər saatlarında Belarusun müdafiə naziri Viktor Xrenin qoşunların qəfil yoxlanışının ikinci mərhələsinin başlandığını elan edib.
Viktor Qulyeviçin sözlərinə görə, ikinci mərhələ çərçivəsində batalyon-taktiki qruplar qərb və şimal-qərb əməliyyat istiqamətlərinə irəli çəkilib. “Onları gücləndirmək üçün hava hücumundan müdafiə bölmələri, raket və artilleriya qoşunları yerləşdirilir ki, bu da onların döyüş fəaliyyətini təmin edəcək”, - deyə Qulyeviç bildirib.