20 May 2022 17:02
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyada Koreya Xalq Ordusunun marşalı və KXDR Müdafiə Nazirliyinin müşaviri Hyun Çxol He dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Onun 87 yaşı var idi.

Marşal çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişib. O, orduda Kim Çen Inın “monolit komanda sistemini” qurması ilə məşhurdur, hakim Fəhlə Partiyasının əsas fiqurlarından biri, Siyasi Büronun və Mərkəzi Komitənin üzvü olub, Mərkəzi Hərbi Şurana daxil idi. Bundan əlavə, marşal KXDR-in keçmiş rəhbəri Kim Çen İrə silahlı qüvvələr üzərində nəzarəti gücləndirməkdə köməklik edib.

Marşal Koreya müharibəsi zamanı həm də KXDR-in qurucusu və əvvəlcə marksizmin Koreya xalq ənənələri ilə sintezi kimi düşünülmüş Şimali Koreya ideologiyası – çuçxenin yaradıcısı Kim İr Senin şəxsi mühafizəçisi olub. Eyni zamanda, “Yonhap”ın məlumatına görə, Hyun He KXDR-in hazırkı lideri Kim Çen Inın təhsilinə təsir edib.

“Cuçxenin inqilabi işinin ötürülməsinin mühüm tarixi dövründə özünü ölkənin ən yüksək hərbi orqanlarında KXDR-ə xidmət etməyə həsr etməklə o, (Hyun He) lider Kim Çen Inın orduda komandanlıq sisteminin möhkəmliyini təmin edib. Onun partiya, inqilab, ölkə və xalq qarşısındakı nailiyyətləri çuçxe işinin qalibiyyətlə irəliləməsi ilə birlikdə gedəcək”, - deyə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatında bildirilir.


Müəllif: Səxavət