Rusiya və Çin döyüş təyyarələri Asiya-Sakit okean bölgəsində birgə patrul uçuşları həyata keçiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Tu-95” və Çin Hərbi Hava Qüvvələrinin “H-6K” bombardmançı təyyarələri Yapon və Şərqi Çin dənizlərində patrul uçuşu həyata keçiriblər.
Patrul uçuşlarının keçirildiyi bəzi bölgələrdə Yaponiya və Cənubi Koreyaya məxsus döyüş təyyarələrinin Rusiya və Çin qırıcılarını müşayiət etdikləri bildirilib. Açıqlamada patrul uçuşlarının beynəlxalq hüquqa uyğun olaraq, hava məkanını pozmadan həyata keçirildiyi diqqətə çatdırılıb.
Açıqlamada patrul uçuşlarının üçüncü ölkəyə qarşı yönəlmədiyi vurğulanıb.