NATO baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa üzvlük müraciətlərinə bu iki ölkənin, xüsusən də PKK/PYD terror təşkilatının ünsürlərinə verdiyi dəstək səbəbindən etiraz edən Türkiyənin mövqeyini dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, NATO-nun iyunun sonunda Madriddə keçiriləcək sammiti öncəsi danışıqlar aparmaq üçün bu ölkəyə səfər etməyə hazırlaşan Stoltenberq İspaniya mətbuatına açıqlama verib.
“Heç kim terror hadisəsindən Türkiyə qədər zərər çəkməyib. Türkiyə önəmli müttəfiqdir və bir müttəfiqin narahatlıqları olduqda, bunlara diqqət yetirilməli və problem həll edilməlidir. Ad problem səbəbindən Yunanıstanın vetosu ilə üzləşən Şimali Makedoniya Respublikasının NATO-ya üzv olması 10 ildən çox vaxt aparıb”, - Stoltenberq qeyd edib.
O, İsveç və Finlandiyanın Madriddə keçiriləcək sammitə dəvətli ölkə kimi qatıla biləcəklərini, amma iyunun 28-dən əvvəl Türkiyənin tələblərinə cavab verməsələr, namizəd ölkə olmaq istəklərini yerinə yetirmələrinin çətin olacağını deyib: “Məqsədim prosesin sürətli olmasıdır və bunun üçün hələ vaxtımız var”.