Rusiya ordusu fevralın 24-də müharibə başlayandan indiyədək Ukraynaya məxsus 183 təyyarə, 128 helikopter, 3323 tank və zirehli texnikanı məhv edib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov deyib.
Rusiya ordusunun hücumunun davam etdiyini bildirən Konaşenkov Ukrayna ordusunun 2 komanda-müşahidə mərkəzinin, rabitə qovşağının, hərbi hissələrin və texniki vasitələrin toplandığı 34 sahənin yüksək dəqiqlikli raketlərlə məhv edildiyini söyləyib.
Rusiya hava döyüş taktiki birliklərinin 3 komanda mərkəzini və 67 hərbi sahəni məhv etdiyini deyən MN rəsmisi son hava zərbələri nəticəsində Ukraynanın 320-dən çox canlı qüvvəsi və 47 hərbi texniki maşının zərərsizləşdirildiyini qeyd edib.
Luqansk, Donetsk, Xarkov və Xerson bölgələrində Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatını hava hücumundan müdafiə sistemləri ilə vurduqlarını deyən Konaşenkov Ukrayna ordusuna məxsus “Smerç” çoxlüləli reaktiv yaylım atəşi sistemlərindən atılan 9 mərminin Xarkovda havada məhv edildiyini vurğulayıb.
O, indiyədək raket və artilleriya birləşmələrinin 62 komanda mərkəzi, 593 hərbi sahə və 55 artilleriya batareyasını vurduğunu söyləyib:
“Bu günə qədər 183 təyyarə, 128 helikopter, 1064 PUA, 325 hava hücumundan müdafiə-raket sistemi, 3 323 tank və zirehli texnika, 451 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 1731 haubitsa və minaatan, 3 294 xüsusi təyinatlı hərbi maşın məhv edilib”.