22 İyun 19:59
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin yeni qazma gəmisi “Əbdülhəmid” karbohidrogen axtarışlarına qatılacaq.

Teleqraf.com xəbər verir ki, Türkiyənin dördüncü qazma gəmisi olaraq dənizlərdə yerini alan “Əbdülhəmid” Mərsinin Taşucu limanında növbəti əmri gözləyir.

Lazım olan avadanlıqlar gəmiyə yerləşdirildiyi vaxt Cənubi Kiprdə panika ab-havası hökm sürməyə başlayıb.

Yunan Kiprinin lideri Nikos Anastasiadis məlum gəlişmədən sonra Milli Təhlükəsizlik Şurasını növbədənkənar iclasa çağırıb.

Fransanın “Total” və İtaliyanın “Eni” şirkətləri Şərqi Aralıq dənizinin 6 və 11-ci sahələrində bərabər paya malikdirlər. 6-cı sahənin bir hissəsi isə Türkiyənin kontinental şelfinə düşür.

Brüsseldə bütün cəhdlərinə baxmayaraq Avropa Birliyinin Ankaraya qarşı sanksiya tətbiq etməsini təmin edə bilməyən Anastasiadis Türkiyənin 6-cı sahəyə girişini sözügedən iclasda müzakirəyə çıxarıb.

Digər tərəfdən, Yunan Kipri birtərəfli olaraq elan etdiyi 6-cı sahədə təbii qaz axtarışına başlayıb.

Şərqi Aralıq dənizi və adada gərginliyi artırmağa çalışan Cənubi Kipr rəhbərliyinə reaksiya verən Şimali Kipr Türk Cümhuriyyətindən verilən açıqlamada qarşı tərəf qınanılıb.

Türkiyənin karbohidrogen axtarışlarına qatılacaq “Əbdülhəmid” texniki təchizat və fiziki xüsusiyyətlərinə görə Mavi Vətəndə donanmanın ən güclüsü olaraq xidmət edəcək.

238 metr uzunluğu, 42 metr eni və ikiqat təhlükəsizlik sistemi ilə seçilən gəmi yeddinci nəsil olmaqla yanaşı, karbohidrogen kəşfiyyat işlərini gücləndirəcək. Gəmi 12 200 metrə qədər qazma qabiliyyətinə də malikdir.


Müəllif: Mənsur Rəğbətoğlu