15 Avqust 2022 13:13
2 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya təcavüzünün altıncı ayında müharibənin uzanmasının Kremldə çaxnaşmaya səbəb olduğu xəbərləri getdikcə artır.

Teleqraf.com xəbər verir ki, İngiltərənin “The Mirror” qəzeti Kremldəki mənbəyə istinadən Rusiyanın siyasi elitasındakı yüksək vəzifəli bir şəxsin müharibəni dayandırmaq üçün Qərb dövlətləri ilə gizli əlaqə saxladığını yazıb.

Mənbənin iddiasına görə, həmin şəxs Qərb diplomatları və kəşfiyyat rəhbərləri ilə danışıqlar apararaq, müharibəni bitirmək üçün kömək istəyib.

Bildirilir ki, Prezident Vladimir Putinin Ukrayna ilə bağlı qərarları, müharibənin gedişi və Qərbin sərt sanksiyaları Rusiyanın yüksək vəzifəli şəxslərinin və elitalarının ciddi narahatlığına səbəb olub.

Qərbin xüsusi xidmət orqanları arasında yayılan sənəddə də “Putinin yaxın çevrəsindən olan bir şəxsin Qərbə danışıqlar aparmaq istədiyi mesajı verdiyi” qeyd edilib. Putinə çox yaxın olduğu deyilən bu şəxsin kim olması sualı da müzakirələrə səbəb olub.

Ukraynalı diplomatik mənbə isə “The Mirror”a bildirib ki, Kremlin yüksək rütbəli şəxslərinin Putinin icazəsi olmadan Qərb kəşfiyyatı ilə əlaqə saxlaması təəccüblü olmayacaq.

“İkinci Dünya Müharibəsinin sonunda öz gələcəyindən narahat olan rəsmi şəxslər də belə etmişdilər”, - Ukrayna rəsmisi deyib.

Ukraynaya müdaxilənin Kreml daxilində gərginliyə səbəb olduğu, hətta Putinə qarşı çevrilişin hazırladığı iddiaları əvvəllər də gündəmə gəlmişdi. Putinin yaxın çevrəsinin müharibə planlarının sızdırıldığından şübhələnərək Rusiya hakimiyyəti daxilində “cadugər ovu”na başladığı iddia edilirdi.

Bu günə qədər bəzi yüksək rütbəli şəxslər, o cümlədən Putinin xüsusi nümayəndəsi Anatoli Çubays Ukrayna müharibəsinə qarşı çıxdığı üçün istefa verərək Rusiyadan gedib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər