26 Sentyabr 2022 17:35
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir neçə gün əvvəl Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA-ların Egeydə uçarkən bəzi adalarda gizli hərbi fəaliyyətləri aşkarladığı xəbəri gəlmişdi. Dünənki görüntülər bu fəallığın nə olduğunu göstərdi. Görüntülərə görə, Yunanıstan razılaşmalara əsasən, qeyri-hərbi statusda olan adalardan (GASA) Midilli və Sisama taktiki zirehli texnikalar göndərir”.

Teleqraf.com xəbər verir ki, bunu “Haber 7”nin yazarı Mehmet Acet deyib.

Jurnalist Yunanıstanın cinayət törədərkən yaxalandığını bildirib:

“Bu, təkcə Yunanıstan yox, ABŞ üçün də keçərlidir. Çünki görüntülərdə əks olunan iki desant gəmisinin gətirdiyi zirehli texnikalar ABŞ-ın Dədəağaca göndərdiyi texnikaların eynisidir. İndi sual olunur ki, bu yerləşdirmə prosesinin başında Yunanıstan, yoxsa ABŞ dayanır?

ABŞ-ın iki NATO üzvü olan Türkiyə ilə Yunanıstan arasında həyata keçirdiyi balans siyasətini Afinanın xeyrinə və Ankaraya qarşı dəyişməyə başladığına dair işarələr son illərdə daha aşkar görünməyə başlayıb.

ABŞ Türkiyə-Yunanıstan münasibətlərinə gəldikdə, həmişə özünü yunanların “vəkil”i kimi aparır.

Son hadisələri Yunanıstanın ABŞ-ın dəstəyi ilə (1995-ci ildə Türkiyə parlamentində qəbul edilən qətnamə ilə müharibə səbəbi sayılan) öz ərazi sularını 12 milə qədər uzatmaq cəhdi kimi şərh etmək olarmı?

Bəli, etmək olar.

Bəs belə bir qərar Türkiyə üçün nə deməkdir?

Belə bir qərar Türkiyə gəmilərinin beynəlxalq sulara buraxılmasının sona çatması, yaxud bunun üçün icazə hüququnun Yunanıstana verilməsi deməkdir. Ankara üçün belə bir şeyin yolverilməzliyi də bundan qaynaqlanır”.

Acet ABŞ-ın Yunanıstan lehinə mövqe tutması ilə bağlı son hadisələrdən misallar da çəkib:

“Bu yaxınlarda ABŞ Yunanıstanla F-16 qırıcılarının modernizasiyasına dair razılaşmanın bir hissəsi olaraq ilk iki F-16 təyyarəsini Afinaya təhvil verib. Əvvəlki versiyalarından daha təkmil radar və silah imkanlarına malik olan bu təyyarələr Afinanın şimalındakı Tanaqra hava bazasında yerləşdirilib. Bu vaxt ABŞ-ın 35 ildən sonra Yunan Kiprinə tətbiq etdiyi silah embarqosunu tamamilə ləğv etməsi barədə məlumat gəldi. Bu fonda Yunan Kiprinin İsraildən “Dəmir Künbəz” müdafiə sistemləri alacağı xəbəri yeniləndi.

İndi Yunanıstanın ritorikası və davranışlarının arxasındakı Amerika izi daha aşkar görünür. Bunu bilmək, xəbərdar olmaq lazımdır. Yunanıstan Baş naziri Mitsotakisin Konqresdəki çıxışının gur alqışlarla müşayiət olunduğunu da xatırlayaq.

Mitsotakis BMT-dəki son çıxışında Türkiyəyə “zeytun budağı”nı uzatmış kimi davrandı. Türkcə “Düşmən yox, qonşuyuq” kimi “isti” mesajlar verdi. Amma bəllidir ki, bu sadəcə bir taktikadır. Çünki Midilli və Sisamdan gələn görüntülər danışıq və əməlin bir-birinə tamamilə zidd olduğunu göstərir. Ankara öz araşdırmasını da məhz bu çərçivədə aparır”.

Acet Türkiyə müdafiə naziri Hulusi Akarın bu yaxınlarda verdiyi bu açıqlamasını da xatırladıb:

“Biz deyirik ki, tarixdən dərs alın, yeni macəralara atılmayın. Bəziləri qulağınıza nəsə deyə bilər. Siz tarixdən də görmüsünüz ki, bunlar keçərli deyil. Eyni şeyi təkrarlamayın, bu mövzuda ağıllı olun”.

Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin F-16 tələbi ilə bağlı Vaşinqtonun vaxt uzatmasına reaksiyası belə olmuşdu: “Ümid edirəm ki, Amerika bu münasibətlərdə bizi fərqli yollara aparmayacaq. “Müxtəlif yollar” dedikdə, dünyada döyüş təyyarələri satan təkcə Amerika deyil. İngiltərə satır, Fransa satır, Rusiya satır, hər yerdən almaq mümkündür. Bunun üçün bizə siqnal verənlər var”.

Mehmet Acet sözlərini belə yekunlaşdırıb:

“Dünən adalardakı gizli prosesin aşkara çıxmasından başqa Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AKINCI PUA-larının Yunanıstanla sərhəd xəttində uçduğu xəbəri gəldi. Bəllidir ki, təkcə adaları deyil, Meriçin o biri tərəfindəki fəaliyyətləri də yaxından izləməyi zəruri edən bir prosesin içindəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər