Rusiya qoşunları gün ərzində Baxmut, Mayorsk, həmçinin Soledar və Pervomaysk istiqamətlərində hücum əməliyyatı keçirsə də, həmlələr Ukrayna Müdafiə Qüvvələri tərəfindən dəf edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Şərq Əməliyyat Komandanlığının sözçüsü Sergey Çerevatı məlumat verib.
“Düşmən Kreminna-Svatove istiqamətində müdafiə xətti qurmağa cəhd edir, çalışırıq ki, bu istəyinə nail ola bilməsin. Düşmən həmçinin Avdeyev və Baxmutda hücum əməliyyatı keçirməyə çalışır. Gün ərzində Baxmut, Mayorsk, eləcə də Soledar və Pervomaysk istiqamətində hücum əməliyyatları həyata keçirib, amma Müdafiə Qüvvələrimiz tərəfindən dəf edilib”, - Çerevatı bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları Nikopol, Kupyansk şəhərləri və Zaporoje vilayətinin bəzi yaşayış yerlərini atəşə tutur.
Bununla yanaşı, Çerevatı qeyd edib ki, rus ordusu çox ciddi itkilər verir:
“Onların itkiləri böyükdür - 62 mindən çoxdur, son müharibələrdə heç kim belə itki verməyib. Məsələn, ABŞ silahlı qüvvələri Vyetnamda 8 il ərzində 58 min itki verib. SSRİ silahlı qüvvələrinin 1979-1989-cu illəri əhatə edən on ildə 15 min itkisi olub”.