Yəmən hökuməti İranın dəstəklədiyi qiyamçı Husilərin nəzarətində olan Səna şəhərindəki xəstəxanada vaxtı keçmiş dərman verilən 18 uşağın öldüyünü açıqlayıb.
Teleqraf.com-un xəbərinə görə, ölkənin informasiya naziri Müəmmər əl-İryani mövzu ilə bağlı açıqlama verib.
İstifadə müddəti bitmiş dərmanların verilməsi nəticəsində həyatını itirən 18 uşağın qan xərçəngi xəstəsi olduğunu bildirən İryani dərmanların uzun müddət anbarlarda saxlandığını deyib.
İryani həmçinin söyləyib ki, Husilər Ümumdünya Səhiyyə Təşkilatı və müxtəlif təşkilatlardan gələn dərmanların bir hissəsini satır, bəzilərini uzun müddət saxlayır və son istifadə tarixləri üzərində saxta düzəlişlər edərək xəstəxanalara paylayırlar. Yəmənli nazir BMT və ÜST kimi beynəlxalq təşkilatları hadisə ilə bağlı təcili araşdırma başlatmağa çağırıb.
Yəmən mediası uşaqların sözügedən dərmanları sentyabrın sonunda qəbul etdiklərini və müxtəlif günlərdə vəfat etdiklərini yazır.
Yəmənin səhiyyə sektoru illərdir davam edən və epidemiyalar və müxtəlif yoluxucu xəstəliklər, eləcə də vətəndaş müharibəsi səbəbindən dərin çöküş içindədir.
İranın dəstəklədiyi Husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından Husilərə qarşı Yəmən hökumətinə dəstək verir.