Avropa Birliyinin İrana qarşı yeni sanksiyaları təxminən 15 nəfərə və təşkilata təsir edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti yazır.
Məhdudlaşdırıcı tədbirlər teokratik rejiminin bəzi nümayəndələrinin birlik ölkələrinə girişlərinə qadağa və AB-dəki bank hesablarının dondurulmasını əhatə edir.
AB xarici işlər nazirlərinin bu gün Lüksemburqda keçiriləcək görüşündə müzakirə olunacaq yeni sanksiyalar insan haqlarının pozulması və Məhsa Əmininin ölümü ilə bağlı yaranan sosial etirazların yatırılması ilə bağlıdır.
AB xarici işlər nazirləri Rusiyanın Ukraynada İran istehsalı pilotsuz təyyarələrdən istifadəsini də müzakirə edəcəklər. Nəşr yazır ki, pilotsuz təyyarələrdən istifadə ilə bağlı hələlik sanksiyalar gözlənilmir.
İran rejimi bundan əvvəl Ukraynaya qarşı Rusiyaya silah vermədiklərini açıqlayıb.
“Vaşinqton Post” avqustda İranın Rusiyanı öz pilotsuz təyyarələri ilə təchiz etdiyini iddia edən məqalə yayımlayıb. Bundan sonra ABŞ administrasiyasının nümayəndələri də oxşar bəyanatlar veriblər. Rusiya iddiaları qəbul etmir.