Pakistan maliyyə naziri İshaq Dar ölkəsinin Rusiyadan Hindistana satılan həcmdə yanacaq almağa hazır olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, yeni təyin olunmuş nazir ABŞ-a rəsmi səfəri zamanı jurnalistlərə açıqlamalar verib.
Vaşinqtonda olduğu 4 gün ərzində beynəlxalq maliyyə qurumları, ABŞ, Səudiyyə Ərəbistanı və digər dövlətlərin rəsmiləri ilə 58 görüş keçirdiyini bildirən Dar ölkəsinin Rusiyadan Hindistana satılan həcmdə yanacaq almağa hazır olduğunu bildirib.
Nazir qeyd edib ki, daşqınların yaratdığı problemlərlə üzləşən Pakistanın güzəştli yanacaq idxal etməsinə Qərb etiraz etməz.
Ölkə daxilində daşqınlardan zərər çəkən Pakistan Rusiyadan buğda almağı da planlaşdırır. Bu barədə Rusiya mətbuatına açıqlamasında Pakistanın Moskvadakı səfiri Şövkət Əli Xan deyib. Səfir bu çərçivədə danışıqların davam etdiyini deyib.
Əli Xan Rusiyanı uzunmüddətli və sabit tərəfdaş kimi gördüklərini söyləyib.
Buğda və yanacaq tədarükü ilə bağlı danışıqlar ABŞ Prezidenti Co Baydenin Pakistanla bağlı ittihamlarından sonra başlayıb. Bayden Pakistanı “dünyanın nüvə silahlarına malik ən təhlükəli ölkələrindən biri” adlandırıb. Bundan sonra Pakistan ABŞ-a nota verib.