“Bu təhlükəsizlik vəziyyətlərində hər hansı bir gecikmə Baltik dənizinin təhlükəsizliyi üçün narahatlıq yaradır. Biz həm Macarıstana, həm də Türkiyəyə təhlükəsizlik baxımından təlatümlü bir dövr keçirdiyimizi və NATO-nun beşinci maddəsi ilə nə qədər tez müdafiə olunmağa başlasaq, bir o qədər yaxşı olduğunu söylədik”.
Teleqraf.com xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.
İki ölkənin Ankara ilə anlaşma memorandumu imzaladığına diqqət çəkən Britaniya mediası NATO-ya üzvlük üçün lazım olan təsdiqin həm Türkiyə, həm də Macarıstan parlamentlərindən keçmədiyini yazıb. İndiyədək NATO-nun digər 28 üzvü öz parlamentlərində Finlandiya və İsveçin üzvlük prosesini təsdiqləyib.
Prezident Ərdoğan hər iki ölkənin terrorçulara ev sahibliyi etdiyini açıqlayıb və hər iki ölkə terrorla mübarizə ilə bağlı vədlər verməsə, üzvlüyün əleyhinə olduğunu demişdi. Nazir Haavisto prezident Ərdoğanın İsveçə daha çox təzyiq göstərdiyi, Finlandiya ilə bağlı heç bir problem olmadığını ifadə edən açıqlamalarını da xatırladıb.
“Prezident Ərdoğanın son açıqlamaları Finlandiya və İsveçin üzvlük prosesinin ayrı-ayrılıqda araşdırıla biləcəyini xatırladıb. Amma bu, təbii ki, bizim üçün uyğun deyil. Bu, İsveç tərəfindən birmənalı qarşılanmayacaq”, - deyə Finlandiya rəsmisi əlavə edib.
İki ölkənin NATO-ya üzvlük üçün koordinasiyalı müraciət prosesinə başladığını ifadə edən fin diplomat söyləyib ki, Finlandiya qonşusu olmadan NATO-ya üzv olmayacaq, çünki bu halda NATO-nun müdafiə planı və ikitərəfli hərbi əməkdaşlıq daha da mürəkkəbləşəcək.