Ukraynadakı hərbi əməliyyatlar zamanı xeyli şəxsi heyət itkisi ilə yanaşı, Rusiya ordusu ağır hərbi texnika təchizatında ciddi problemlərlə üzləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Məlumata görə, Rusiya oktyabrın ortalarından bəri hər gün Ukraynada 40-dan çox zirehli texnikasını itirir.
Ciddi problemlə üzləşən Rusiya son həftələrdə Belarusdakı anbarlardan 100 tank və zirehli texnikanın tədarükü ilə bağlı danışıqlara başlayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ruslar anbarlardan müvafiq texniki xidmətdən keçməmiş hərbi texnikaları çıxarmağa başlayıblar ki, bu da rus işğalçılarının çətin vəziyyətindən xəbər verir.
Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov iddia edir ki, Rusiya Ukraynada Əfqanıstan müharibəsi zamanı SSRİ-dən iki dəfə çox təyyarə itirib.
“Rusiyanın genişmiqyaslı təcavüzü zamanı Ukrayna müdafiə qüvvələri Əfqanıstanda 10 illik müharibə zamanı Sovet İttifaqının itirdiyindən iki dəfə çox rus təyyarəsini məhv ediblər. Ruslar 118, Ukraynada isə 278 təyyarə itiriblər”, - Qromov bildirib.